Elm və Təhsil Nazirliyi ilə G42 Presight şirkəti arasında əməkdaşlıq imkanları müzakirə olunub
2025-ci il 09 iyul tarixində Elm və Təhsil Nazirliyində Birləşmiş Ərəb Əmirliklərinin qabaqcıl texnologiya şirkətlərindən biri olan və G42 şirkətlər qrupuna daxil olan Presight rəhbərliyi ilə görüş keçirilmişdir. Görüşdə elm və təhsil naziri cənab Emin Əmrullayev, “Presight” şirkətinin baş icraçı direktoru cənab Tomas Pramotedham və hər iki tərəfdən digər nümayəndələr iştirak etmişlər.
Görüş çərçivəsində “Presight” şirkəti tərəfindən təhsil sahəsinə uyğunlaşdırılmış və süni intellekt texnologiyalarına əsaslanan innovativ həllər təqdim olunmuşdur. Tərəflər arasında, həmçinin, mövcud əməkdaşlıq çərçivəsində həyata keçirilən fəaliyyətlər, eləcə də gələcək inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılmışdır.
Əsas müzakirə mövzularından biri təqdim olunan süni intellekt əsaslı texnoloji həllərin “Rəqəmsal Məktəb” platformasının təkmilləşdirilməsində istifadəsi olmuşdur. Görüş iştirakçıları təhsilin rəqəmsallaşdırılması və innovativ texnologiyaların tətbiqi istiqamətində əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulamışlar.