Kibertəhlükəsizlik üzrə maarifləndirici video resurslar hazırlanıb

16.12.2025

Kibertəhlükəsizlik üzrə maarifləndirici video resurslar hazırlanıb

16.12.2025

Elm və Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi, Dövlət Təhlükəsizliyi Xidmətinin Milli Kibertəhlükəsizlik Mərkəzi və Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) kibertəhlükəsizlik üzrə təhsil resurslarının inkişafı istiqamətində birgə əməkdaşlığı nəticəsində “İnformasiya təhlükəsizliyi” mövzusunda maarifləndirici 30 video material hazırlanıb. Yeni video resurslar şagirdlər, müəllimlər və valideynlərin kibertəhlükəsizlik mövzusunda maariflənməsi, bilik və bacarıqlarının artırılması məqsədilə yaradılıb və Rəqəmsal Məktəb platformasına yerləşdirilib.

Platformada yer alan video məzmunlar aşağıdakı mövzuları əhatə edir:

·     Fərdi məlumatların qorunması və məxfilik;

·     Sosial media etikası;

·     Şifrə təhlükəsizliyi və iki mərhələli autentifikasiya;

·     Kibertəhdidlərə qarşı müdafiə üsulları;

·     Fişinq və saxta məlumatların tanınması;

·     Onlayn oyun və tətbiqlərdən təhlükəsiz istifadə qaydaları.

Bu resursların əsas məqsədi istifadəçilərin rəqəmsal savadlılığını artırmaq, istifadəçiləri onlayn mühitdə qarşılaşa biləcəkləri risklər barədə məlumatlandırmaq, həmçinin təhlükəsiz internet davranışlarının formalaşdırmasını və təşviq edilməsini təmin etməkdir.

Hazırlanan video materiallarda fərdi məlumatların qorunması, sosial şəbəkələrdə düzgün davranış qaydaları, kibertəhdidlərə qarşı mühafizə üsulları, şifrələrin idarə olunması və onlayn oyunlarda təhlükəsizlik kimi mövzular əhatə olunur. Hazırlanan videoların tədris prosesində və maarifləndirici tədbirlərdə istifadəsi tövsiyə olunur.

Qeyd edək ki, Elm və Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi, Dövlət Təhlükəsizliyi Xidmətinin Milli Kibertəhlükəsizlik Mərkəzi və Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının əməkdaşlığı çərçivəsində kibertəhlükəsizlik üzrə yeni tədris materiallarının hazırlanması, tədris proqramlarının təkmilləşdirilməsi, təhsil müəssisələrində müəllim kollektivinin və məktəblilərin biliklərinin artırılması işləri növbəti ildə də davam etdiriləcək.

 

Kibertəhlükəsizlik üzrə maarifləndirici video resurslar hazırlanıb