Məktəbəqədər təhsil müəssisələrinə qəbula start verildi
18 iyul 2025-ci il, saat 11:00-dan etibarən
Regional Təhsil İdarələrinin tabeliyində olan məktəbəqədər təhsil müəssisələrinə,
25 iyul 2025-ci il, saat 11:00-dan etibarən isə Bakı şəhəri üzrə məktəbəqədər təhsil
müəssisələrinə qəbul üçün valideynlər elektron qaydada növbə yarada biləcəklər.
2020 və 2021-ci il təvəllüdlü uşaqlar üçün növbələr saat 11:00-da, 2022, 2023 və
2024-cü il təvəllüdlü uşaqlar üçün isə növbələr saat 15:00-da aktiv olacaq.
Məktəbəqədər təhsil müəssisələrinə qəbul sistemində
növbə yaradarkən 1 uşaq üçün maksimum 3 məktəbəqədər təhsil müəssisəsini seçmək
mümkündür. Mövcud növbələrin boş yer olduğu halda sorğuya çevrilməsi prosesi
minimum 5 (beş) gündən sonra həyata keçiriləcəkdir. Növbə sorğuya çevrildikdən
sonra valideyn (və ya qanuni nümayəndə) 7 (yeddi) gün ərzində sənədləri müvafiq
müəssisəyə təqdim etməlidir, əks təqdirdə sorğu silinəcək və növbəli şəkildə
başqa uşağın qəbulu aparılacaqdır.
Qəbul sistemində ötən tədris ilində
yaradılmış növbələr və sorğular arxivləşdirilərək valideyn kabinetinə əlavə
edilmişdir. Həmin növbələr və sorğular bu il üçün keçərli deyil.