Rəqəmsal Məktəb platformasının əhatə dairəsi genişləndirilir

05.10.2026

Rəqəmsal Məktəb platformasının əhatə dairəsi genişləndirilir

05.10.2026

2026–2027-ci tədris ilindən etibarən Rəqəmsal Məktəb platforması Bakı şəhəri ilə yanaşı, ölkənin digər regionlarında da tətbiq olunacaq. Ötən tədris ili ərzində Bakı şəhərində tətbiq edilən Rəqəmsal Məktəb platforması yeni tədris ilindən etibarən Abşeron, Gəncə, Mingəçevir, Sumqayıt və Naxçıvan üzrə də istifadəyə veriləcək.

Layihənin əsas məqsədi təhsil prosesinin rəqəmsallaşdırılmasını sürətləndirmək, məktəb idarəetməsində müasir texnologiyalardan istifadənin imkanlarını genişləndirmək, eləcə də şagird, müəllim, valideyn və məktəb rəhbərliyi arasında qarşılıqlı əlaqəni daha çevik və səmərəli şəkildə təmin etməkdir.

Rəqəmsal Məktəb platformasının genişləndirilməsi ilə müəllimlər üçün tədris prosesinin idarə olunmasında yeni rəqəmsal imkanlar yaradılacaq. Belə ki, müəllimlər dərs jurnallarını elektron qaydada aparacaq, bununla da kağız daşıyıcılardan istifadənin mərhələli şəkildə azaldılması və tədris məlumatlarının vahid rəqəmsal mühitdə idarə olunması təmin ediləcək.

Bununla yanaşı, platforma istifadəçiləri süni intellekt əsaslı rəqəmsal həllərə çıxış əldə edəcəklər. Bu imkanların tədris prosesində müasir texnologiyalardan daha səmərəli istifadəyə, müəllimlərin gündəlik fəaliyyətinin optimallaşdırılmasına və təhsil prosesinin fərdiləşdirilməsi imkanlarının genişləndirilməsinə xidmət etməsi nəzərdə tutulur.

Şagirdlər isə platforma üzərindən müxtəlif tədris resurslarına çıxış əldə edəcək, gündəlik dərs cədvəlləri ilə tanış ola, həmçinin qiymətlərini elektron qaydada izləyə biləcəklər. Bu imkanlar şagirdlərin tədris prosesində öz nəticələrini və gündəlik fəaliyyətlərini daha rahat izləməsinə şərait yaradacaq.

Valideynlər şəxsi kabinetləri vasitəsilə övladları ilə bağlı məlumatları elektron qaydada izləyə biləcəklər. Valideynlər platformada övladlarının davamiyyəti, qiymətləri və nizam-intizam göstəriciləri barədə məlumat əldə edə, bununla da övladlarının təhsil prosesi və məktəbdəki fəaliyyəti barədə daha operativ məlumatlı ola biləcəklər.

Rəqəmsal Məktəb platforması vasitəsilə təhsil prosesinin müxtəlif istiqamətlərinin vahid rəqəmsal mühitdə təşkil edilməsi, təhsil iştirakçıları üçün məlumat və xidmətlərə çıxışın asanlaşdırılması, məktəblərdə idarəetmə və kommunikasiya imkanlarının təkmilləşdirilməsi hədəflənir.

Platformanın yeni regionlarda tətbiqi ilə daha çox məktəbin və təhsil iştirakçısının rəqəmsal həllərdən yararlanması təmin olunacaq. Bununla da rəqəmsal təhsil imkanlarının ölkə üzrə mərhələli şəkildə genişləndirilməsi və vahid rəqəmsal təhsil ekosisteminin formalaşdırılması istiqamətində növbəti addım atılacaq.

 

Rəqəmsal Məktəb platformasının əhatə dairəsi genişləndirilir